AZE | RUS | ENG |

Əvvəllər aktrisa olmaq ağlımdan belə keçməyib - Aysel Yusubova

Əvvəllər aktrisa olmaq ağlımdan belə keçməyib - Aysel Yusubova
Bu yaxınlarda sosial şəbəkələrdə çoxlarının marağına səbəb olan bir filmin epizodları yayımlandı. İlk görünüşdən çoxları bunun bir hollivud filmi olduğunu düşünsələr də, əslində, Azərbaycanda, daha dəqiq desək, gözəl Şəkimizdə və öz aktyor və aktrisalarımızın iştirakı ilə çəkilən yerli filmdir. Biz də, "Aporia. Cəhənnəm təcrübəsi” adlanan filmin baş qəhrəmanlarından olan Zaqatala Xalq Teatrının gənc və istedadlı aktrisası Aysel Yusubova ilə onun yaradıcılığı və filmin çəkiliş prosesi barəsində söhbət etdik.

- Aysel xanım, sizi yaxından tanıyaq?
- Mən, Aysel Yusubova 1992-ci ildə Zaqatala şəhərində anadan olmuşam. Uşaq vaxtından rəqs dərnəyinə getmişəm. Hazırda Zaqatala Mədəniyyət Mərkəzində işləyirəm. Zaqatala Xalq Teatrı məhz bu Mərkəzin tərkibində fəaliyyət göstərir. Mən də bu teatrın üzvüyəm. Məktəbi bitirdikdən sonra Mingəçevir Turizm Kollecində reklam işi üzrə təhsil almışam. Hazırda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sənətşünaslıq fakültəsi üzrə qiyabi təhsil alıram.

- Zaqatala Xalq Teatrına gəlişiniz necə olub?
- İş üçün müraciət etmişdim. Təbii ki, mərkəzə əvvəlcə rəqs üzrə müraciət etdim. Təklifimi müsbət qəbul etdilər, çünki buna ehtiyac var idi. İşə qəbul olduqdan sonra rəqs dərnəyi açdım, dərs deməyə başladım və burada teatrın olduğunu gördükdə özüm də iştirak etmək istədim. Teatrımızın rejissoru Bayram Qurbanov məni tamaşalarda oynamağa dəvət etdi. Aktrisalığa uşaq tamaşaları ilə başladım. Düzünə qalsa, heç vaxt özümü böyük əsərlərdə sınamamışdım, çəkinirdim, qorxularım vardı. Əvvəllər aktrisa olmaq ağlımdan belə keçməyib. 

- Bu günə qədər hansı tamaşalarda rol almısınız?
- Teatra yeni gəldiyimdə nağıl tamaşalarında özümü bir neçə dəfə sınadıqdan sonra, böyüklər üçün tamaşamız oldu. 2017-ci ildə Bakıda Xalq Teatrları Festivalı keçirilirdi. Festivalın zona üzrə ilk yarışması İsmayıllıda baş tutdu və biz qalib olduq, daha sonra final mərhələsi Bakıda keçirildi. Burada isə Hüseynbala Mirələmovun əsəri əsasında hazırlanmış "Vicdanın hökmü” tamaşasını oynadıq. Mən də bu tamaşada baş qəhrəmanlardan olan Güllünü canlandırırdım. Festivalda teatr olaraq ikinci yerə layiq görülsək də, ən yaxşı aktrisa kimi diplomla mükafatlandırıldım. Bu mənim ilk böyük tamaşam, ilk festivalım və ilk uğurum oldu. Yeri gəlmişkən, qeyd edim ki, bu il də teatr festivalı var. Bir neçə ay əvvəl İsmayıllıda zona turunda Bakıya, finala vəsiqə qazandıq. Bu yaxınlarda Xalq Teatrlarının final mərhələsinə Bakıya yola düşəcəyik və ümid edirik ki, bu dəfə də uğurlu olacaq. Festivalın finalında " Beş manatlıq gəlin" komediyası ilə çıxış edəcəyik. Mən bu tamaşada Səlvi rolunda çıxış edirəm. 
 
- Zaqatala Xalq Teatrının vəziyyətini necə qiymətləndirirsiniz?
- Teatrımızın vəziyyəti o qədər də ürəkaçan deyil. Çünki xalq teatrları öz-özünü maliyyələşdirir. Maddi problemlər yaşayır, tamaşaçı problemlərimiz də çoxdur. Yeni il, Novruz bayramı ərəfəsində uşaq tamaşaları oynanılan zaman valideynlər uşaqları tamaşalarımıza gətirirlər. Ancaq di gəl ki, böyüklər üçün olan tamaşalarımızda çox az sayda seyrçimiz olur. Elə ən son oynadığımız tamaşaya haradasa 30-40 nəfər tamaşaçı gəlmişdi. Ona görə də xalq teatrı özünü çətinliklərlə saxlaya bilir.

- Paytaxt teatrlarından təklif gəlsə, necə qarşılayarsınız?
- Əlbəttə ki, müsbət qarşılayıram. Zənnimcə, bu təklifi rayon teatrlarında olan hər bir aktrisa yüksək qiymətləndirər. Mənə belə bir təklif gəlsə, niyə də olmasın, gedərəm (gülür).

- Qısa müddətdir sosial şəbəkələrdə "Aporia. Cəhənnəm təcrübəsi” filminin epizodları böyük marağa səbəb olub. Filmə gəlişiniz necə oldu?
- Bəli, artıq filmin fraqmentləri sosial şəbəkədə yerləşdirilib. Bu iş mənimçün gözlənilməz oldu. Film başlamadan öncə rejissor Rəvan Cabbarov kastinqlər keçirirdi. Mən də bu kastinqə qatıldım və mənim çıxışımı, potensialımı bəyəndilər və seçdilər. Onu da qeyd edim ki, Rəvan Cabbarov ARB Şəki televiziyasının rejissorudur. Filmin həm senari müəllifi, həm də operatoru özüdür. Film Şəkinin Daşbulaq kəndində çəkilib. Orada səsləndirmə bizə məxsus olsa da, sonradan Türkiyə bu filmi bəyəndiyindən, dublyaj etdilər və ilk nümayişin iyul ayında Türkiyədə, daha sonra Amerikada olacağı gözlənilir. Azərbaycanda isə oktyabr aylarında göstəriləcək. Düzünə qalsa, bu yerə gələcəyimizi gözləmirdim. Çəkilişlər zamanı isə məni düşündürən ən böyük sual o idi ki, bu film necə olacaq, özümü layiqincə göstərə biləcəyəmmi, bəyənəcəklərmi? İlk dəfə olduğu üçün böyük məsuliyyət vardı çiyinlərimdə. 

- Çəkilişlərdə hansı çətinliklərlə qarşılaşdınız?
- Çəkilişlərə 2018-ci ilin avqust ayının 1-dən başladıq və tam üç ay – oktyabrın sonuna qədər davam etdik. Filmin əvvəlində, avqust ayında çəkilişlərdə daha çox heyətlə çəkilmişdik, sona doğru çətinliklər artırdı. Çəkilişlərin sonuna doğru çətinliklərdən ən böyüyü su səhnələri oldu, oktyabrın son günləri idi, hava və su soyuq idi. Çəkilişlər həm aktyor heyətinə, həm də texniki heyətə böyük çətinliklər yaradırdı. Qısacası, əziyyətimiz çox olsa da, komanda olaraq bu çətinliklərin öhdəsindən layiqincə gələ bildik. 

- Filmdəki obrazınız haqqında nə deyərdiniz?
- Filmin özü haqqında çox da geniş danışmaq istəməzdim ki, marağı itməsin, hamıya maraqlı olsun. Obraza gəlincə, film tək bir obrazın üstünə yüklənməyib. Senari elədir ki, insanlara iynə vurub, üzərlərində təcrübə aparırlar, uğursuz olanları isə öldürmək istəyirlər. Lakin Ejla və Arvin onların əlindən qaçır. Ejla obrazını mən ifa edirəm. Onlar qaçdıqlarını, xilas olduqlarını düşünsələr də, qaçarkən dərin bir çuxurun içinə düşürlər. Bütün qorxulu və dəhşətli günləri bundan sonra başlanır. Ejla özünü artıq sona hazırlamış obrazdır, onu yalnız ölüm gözləyir və çox qorxur.

- Ejla sizin kinoda ilk işinizdir?
- Bəli, bu mənim ilk ekran işimdir və daha əvvəl heç bir filmdə oynamamışam. Ona görə də hər kəsin fikrini, danışılanları, yazılan rəyləri, film haqqında düşüncələri diqqətlə izləyirəm. Yəqin ki, film ekranlara tam çıxdıqdan sonra tamaşaçıların münasibətini tam aydınlaşdıra biləcəyik.

- Teatr aktrisası kimi tanınmaq, ekranlara gəlmək, ələlxüsus paytaxtdan uzaqda elə də asan deyil. Bu yolda ən böyük dəstəkçiniz kimdir?
- Teatrımız rayondadır, yalnız festivallar müddətində başqa rayonlara və paytaxt Bakıya gedirik. Film isə ilk işim oldu ki, Şəkidə çəkildi, məsafə cəhətdən çətinliyim olmadı. Dəstək məsələsinə gəlincə ətrafımda olan, məni sevən hər kəsdən dəstək gördüm. Təbii ki, ilk növbədə, ailəm.

- Bəs, bu  yolda qarşılaşacağınız çətinliklər sizi qorxutmur?
- Ekran işlərinin ardı gəlirsə, aktrisa kimi davam edəcəyəmsə, əlbəttə ki, çox problemlərlə qarşılaşacağımı bilirəm. Lakin bu çətinliklərə hazır olduğumu düşünürəm. Çalışacağam ki, hər atdığım addımda, hər gördüyüm işdə öz üzərimdə işləyərək daha yaxşısını və mükəmməlini yarada biləm.

- Gələcəyə dair arzu və istəyiniz?
- İstəyirəm kino sahəsində fəaliyyətimi davam etdirim. Hələ ki böyük planlarım yoxdur, amma inanıram ki, zamanla olacaq.
 
Nigar Pirimova
Teatrşünas


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056